Zheng He
Çjen Xe (1371[…], Kunminq[d], Yuan – 1433[…] və ya 1435, Nankin, Min sülaləsi) — Çin səyyahı, dənizçi və diplomatı, Min imperatorları tərəfindən Hind-Çin, Hindistan, Ərəbistan yarımadası və Şərqi Afrikaya göndərilmiş Yeddi böyük ekspedisiyaya rəhbərlik etmiş şəxs.
Fərdi Çin gəmiləri hələ Sun İmperiyası zamanından Cənubi Çinlə Cənub-Şərqi Asiya ölkələri arasında səfər etsələr, Yuan İmperiyası zamanında isə hətta Cənub Şərqi Asiya və Şri-Lankaya hərbi ekspedisiyalar göndərilsə də, Çjen Xenin ekspedisiyasının miqyası da, imperator Çju Dinin ona verdiyi qiymət də əvvəlkilərdən fərqlənirdi. Bu ekspedisiyalar qısa müddət ərzində belə olsa, Malay yarımadası, Cənubi Hindistan, İndoneziya və Şri-Lankadakı dövlətləri Min İmperiyasının vassalına çevirmiş, Hind Okeanı sahilində yaşayan xalqlarla bağlı Çində mövcud olan məlumatları zənginləşdirmişdi. Belə qəbul edilir ki, Çjen Xenin ekspedisiyası Malay yarımadası, yava və Sumatranın tarixi inkişafına xeyli töfhə vermiş, çinlilərin bu ərazilərə miqrasiyası və orada Çin mədəniyyətinin rövnəqlənməsinə yardım etmişdi.
Hətta Çjen Xenin əsas himayədarı olan imperatorun Çju Dinin dövründə də bu ekspedisiyalar Çinin konfusionist elitası tərəfindən sərt tənqid edilirdi. Onlar irəli sürürdülər ki, bu səfərlər lazımsız və çox məsrəfli imperator şıltaqlığıdır. Çjen Xenin və imperator Çju Çjanzinin (Çju Dinin nəvəsi) olümlərindən sonra bu təcrid fikirləri yüksək dairələrdə rəğbət qazandı. Nəticədə dəniz ekspedisiyaları dayandırıldı, donanmaya aid olan texniki məlumatlar məhv edildi və ya unuduldu. XVII–XVIII əsrlərdə tərtib edilmiş rəsmi Min Tarixi bu səfərlərə çox tənqidi mövqedən yanaşır, lakin Çindəki bir çox insanlar, xüsusilə də Cənub-Şərqi Asiyada yerləşən Çin diasporası üzvləri bu xədim dənizçiyə qəhrəman kimi baxırdılar.
XX əsrin əvvəllərindən etibarən, Çində yadellillərə qarşı mübarizə əsnasında ortaya çıxan vətənpərvərlik dalğası zəminində Çjen Xenin obrazı yeni populyarlıq qazandı.